AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Baş nazir Tarix İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib

03.06.2019 16:39

Baş nazir Novruz Məmmədov AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudova telefonla zəng edərək institutun fəaliyyəti ilə maraqlanıb.

Baş nazir telefon danışığı zamanı institutun fəaliyyətini yüksək qiymətləndirib.

Yaqub Mahmudov bu telefon danışığı barədə tarixçi alimlərə Elmi Şuranın iclasında ətraflı məlumat verib: “Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. Bununla əlaqədar olaraq baş nazir Novruz Məmmədov tarixçiləri təbrik edərək, onlara uğurlar arzulayıb”.

Akademik deyib ki, Azərbaycan tarix elmində azərbaycançılıq məfkurəsinə əsasən konseptual dəyişikliklər gedir. Baş nazir institutda Qarabağın, Naxçıvanın və İrəvan xanlığının, Azərbaycan xalqına qarşı soyqırımlarının və itirilmiş torpaqlarımızın tarixinin araşdırılmasını yüksək dəyərləndirib və tarixçilərə dəstək olacağını bildirib.

Yaqub Mahmudov qeyd edib ki, Tarix İnstitutunun fəaliyyəti ölkə rəhbərinin daim diqqət mərkəzindədir: “Prezident İlham Əliyev institutu Azərbaycanda tarix üzrə araşdırmaların mərkəzi adlandırıb. Novruz Məmmədov institutda aparılan araşdırmaları, o cümlədən 26 Bakı komissarının fəaliyyətinə yeni baxışı Azərbaycan dövlətinin mənafeyinə tamamilə uyğun olduğunu bildirib”.

İclasın sonunda Elmi Şuranın üzvləri yekdilliklə baş nazirin xüsusi diqqətinin onları yeni araşdırmalara ruhlandıracağını bildiriblər.

Paylaş: